Hakerlər kimdir?

"Haker" (ing. hacker) - "proqram təminatının və verilənlərin icazəsiz istifadəsinə yönəlmiş əməlləri həyata keçirən istifadəçi" termini cinayətkar fəaliyyətlə heç bir əlaqəsi olmayan etimoloji köklərə malikdir.
Orta əsrlərdə "hacker" – balta ilə mebel düzəldən ustaları bildirirdi, qeyri-standart hərəkətləri, orijinal həlləri, məhdudiyyətlərin yaradıcıllıqla dəf edilməsini nəzərdə tuturdu. Informasiya texnologiyaları sahəsində "hak" termini proqramlaşdırmada orijinal kodu və ya proqram təminatının orijinal istifadəsini nəzərdə tuturdu ki, bunun nəticəsində kompyuter nəzərdə tutulmayan və ya qeyri-mümkün hesab edilən əməliyyatları yerinə yetirirdi. Belə məsələləri həll edən şəxsləri “haker” adlandırmağa başladılar.

Haker mədəniyyətinin inkişafında öz dəyərləri və dünyagörüşünün xarakterik cizgiləri olan bir neçə mərhələ ayırmaq olar.

Birunci mərhələ (1960-cı illər) – proqramların tədqiqinə novator yanaşma, hamının informasiyaya pulsuz qeyri-məhdud girişi prinsipinin elan olunması, mütləq azadlıq dəyərləri ilə xarakterizə olunur. Bu dövrün haker hərəkatına ABŞ-ın ən böyük universitetlərinin və elmi-tədqiqat mərkəzlərinin tələbələri və professorları daxil idi, bu icmalar üçün qarşılıqlı əməkdaşlıq, demokratiya ruhu, dəqiq əsaslandırılmış məxsusi etika kodeksi xarakterikdir.

İkinci mərhələ (1970-ci illərin sonu -1980-ci illərin əvvəli) - novator tədqiqatlarından özgə sistemlərə icazəsiz girişlərə keçid, biliyin etiraz məqsədləri ilə istifadəsi, vacib verilənlərin silinməsi və ya dəyişdirilməsi, virusların yayılması və s. baş verir.

Üçüncü mərhələ (1980-1990-cı illər) - təşkilati strukturların yaradılmasına cəhd edilir, haker mədəniyyətinin cinayətkar dünya ilə qovuşması baş verir. Bu dövrdə haker hərəkatı ictimai strukturların işini pozmağa qadir güclü qüvvə olur, dövlət təşkilatları və hüquq müdafiə təşkilatları tərəfindən tədqiqat obyektinə çevrilir.

Dördüncü mərhələ (1990-cı illərin sonundan indiyə kimi) - hakerlərin instituallaşması: cinayətkar və kölgə strukturları ilə sıx əməkdaşlıq edən böyük birləşmələrin, ittifaqların, firmaların yaradılması, kütləvi informasiya vasitələri ilə haker mədəniyyətinin dəyərləri və prinsipləri fəal təbliğ olunur.

Hazırda müntəzəm olaraq haker qurultayları keçirilir. Las-Veqasda keçirilən illik konfransa bir neçə min iştirakçı toplanır. 1989-cu ildən başlayaraq dörd ildən bir Hollandiyada "Hackers At Large" haker forumu keçirilir. Almaniyada hər il “Choas Computer Club”ın himayəsi altında hakerlərin üçgünlük ümumdünya konqresi keçirilir.
Beynəlxalq haker qurultaylarında haker hərəkatının dövlət və kommersiya strukturları ilə qarşılıqlı əlaqəsi açıq hiss olunur. Bu qurultaylarda dövlət təhlükəsizlik orqanlarının nümayəndələri, böyük şirkətlərin administratorları iştirak edirlər.
Hakerlərin hazırlanması məsələsi də diqqətdən qaçmır. Mәktәblilәr (Hakerlərin mülki məktəbi), tələbələr (Foundstone’s hacking school) və təhlükəsizlik əməkdaşları (BlackHat Briefings, Ethical Hacking) üçün bütün səviyyələrdə haker məktəbləri təşkil olunmuşdur.

Eyni zamanda hakerlərin cinayətkar strukturlar və terrorçu təşkilatlarla qarşılıqlı əlaqələri təhlükəsi dә mövcuddur. Biznesin xüsusi növü – “hakerlərin icarəsi” formalaşır və inkişaf edir. Məsələn ,"Chicago-based 69 Hacking Services" o qədər də yüksək olmayan ödəniş müqabilindә (850 dollardan başlayaraq) məktəblərin, şirkətlərin, korporasiyaların və hökümətlərin kompyuter şəbəkələinin sındırılması üzrə xidmətlər təklif edir.

Haker etikası

Stiven Levi-nin "Hakerlər: Kompyuter inqilabının qəhrəmanları" kitabından:

− Kompyuterlərə giriş – eləcə də “Dünyanın necə qurulması haqqında sənə nəyi isə öyrədə bilən hər şey”“– qeyri-məhdud və tam olmalıdır.

− Bütün informasiya azad olmalıdır.

− Hakimiyyətə inanma. Mərkəzlәşmәdәn qaç.

− Hakerlər elmi ad, yaş, irq və ya tutduğu vəzifə kimi hansısa uydurulmuş meyarlara görə deyil, hakinqdəki ustalıqlarına görə qiymətləndirilməlidir.

− Sən kompyuterdə incə sənət və gözəllik yarada bilərsən.

− Kompyuterlər sənin həyatını yaxşılığa doğru dəyişə bilər.

Haker qrupları

Cult of Dead Cow
Legion of Doom
Chaos Computer Club
L0phtcrack
Hackers Education Group


 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.