"Dark Web" haqqında

“Dark Web” ümumdünya hörümçəyinin bir hissəsidir. “Darknet”, “Deep Web” terminləri də işlədilir.

Adi axtarış sistemləri və standart veb-brauzerlər “Dark Web” səhifələrini görə bilmirlər. Mahiyyətinə görə “Dark Web” xüsusi virtual fəzadır, burada istifadəçilərin anonimliyi təmin edilir. Adi axtarış sistemlərində hər hansı bir sözü axtaranda qarşınıza çıxan səhifələr “Surface Web” – görünən veb adlanır.

Bəzi tədqiqatçılara görə, “Surface Web” İnternetin sadəcə 4%-ni təşkil edir, qalan 96%-ni isə “Deep Web” təşkil edir.

“Dark Web”-in qaranlıq tərəfi qara bazar rolunda çıxış etməsidir, burada hər nə desən, istənilən qaçaqmalı, oğurlanmış əşyanı və ya qanunsuz əldə edilmiş informasiyanı və s. alıb satmaq olar. Narkotiklər, silah, oğurlanmış kredit kart nömrələri, müxtəlif pornoqrafiya, çirkli pulların yuyulması, hətta qatil tutulması – hamısı “Dark Web”-dədir. Bəzi məlumatlara görə, “Darknet” bazarının təxminən 2/3-sini narkotik ticarəti təşkil edir.

"Deep Web"-də "Red rooms"-lar vardır. "Red rooms" ödənişli canlı yayım imkanı verir. Facebook, Instagram və Youtube kimi sosial şəbəkələrdə də canlı yayım imkanı vardır. Fərq ondadır ki, "Red rooms"-larda işgəncə, təcavüz, hücum, intihar və digər cinayətlər də yayımlana bilər.

Amma "Deep Web"-də kitabxanalar, ədəbi jurnallar kimi qanuni və zərərsiz bir çox layihələr də vardır. İnsanlar bu şəbəkəni gizlilik və söz azadlığı üçün də seçirlər.

“Dark Web”-də işləmək üçün xüsusi proqram təminatı quraşdırmaq tələb edilir. Burada 2 variant mövcuddur:

  1. 1) I2P (Invisible İnternet Project) protokolu;
  2. 2) TOR (The Onion Router) protokolu.

Bunlar anonimliyi təmin edən iki müxtəlif texnologiyadır.

PayPal və ya kredit kartları ilə ödəniş zamanı istifadəçinin şəxsiyyəti haqqında məlumat verildiyindən, "Dark Web"-də bitkoinə üstünlük verilir.

Qeyd edək ki, anonim Tor şəbəkəsinin onion zonasında yerləşən wiki saytlar qrupu The Hidden Wiki adlanır.

TOR layihəsinin ilkin məqsədi İnternetdə maksimum təhlükəsiz mühit təmin etmək və məlumatların aşkar edilməsinin qarşısını almaq idi. TOR şəbəkəsinin yaranması ilə bağlı bir neçə ehtimal vardır. Böyük ehtimalla, TOR ABŞ Hərbi Dəniz Tədqiqatları laboratoriyasında Paul Syverson, Michael Reed və David Goldschlag tərəfindən yaradılmışdır. Layihənin məqsədi ABŞ gizli xidmətlərinin online əlaqəsini, faylların ötürülməsini və təhlükəsiz saxlanmasını təmin etmək idi. Əvvəlcə bunun dünyaya açıq olmayacağı nəzərdə tutulmuşdu, lakin sonra bu qərardan vaz keçildi və layihə "The Electronic Frointer Foundation" fonduna verildi.



 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.