Kibertəlimlər haqqında

2010-cu ildən başlayaraq dünyanın texnoloji inkişaf etmiş ölkələrində müntəzəm olaraq irimiqyaslı milli və transmilli kibertəlimlər keçirilir. Məsələn, NATO-nun “Locked Shields” və Avropa İttifaqının (Aİ-nin) “Cyber Europe – CE” kibertəlimləri geniş tanınır, onların gedişində kritik vacib obyektlərin sistemlərinə və şəbəkələrinə olan kiber-hücumların aşkarlanması, qarşısının alınması və nəticələrinin neytrallaşdırılması üzrə kollektiv vərdişlər təkmilləşdirilir. Bu zaman belə hücumların mənbələri kimi həm güman edilən düşmən dövlətlərin hərbi və kəşfiyyat strukturları, həm də mütəşəkkil cinayətkar, terrorçu və ekstremist qruplaşmalar nəzərdə tutulur.

NATO-nun “Locked Shields 2017” kibertəlimləri 24-28 aprel 2017-cı ildə Estoniyada keçirilmişdir. Locked Shields dünyanın ən böyük və mürəkkəb beynəlxalq kiber müdafiə təlimlərindən biridir. 2010-cu ildən hər il keçirilən Locked Shields NATO-nun Tallin şəhərində yerləşən “Cooperative Cyber Defence Centre of Excellence” mərkəzi tərəfindən təşkil edilir.

Locked Shields 2017 Estoniya Müdafiə Qüvvələri, Finlandiya Müdafiə Qüvvələri, İsveç Texnologiya Universiteti, Britaniya Birləşmiş Ordusu, ABŞ Avropa Komandanlığı və Tallin Texnologiya Universiteti ilə əməkdaşlıqla təşkil olunmuşdu.

“Locked Shields 2017” kibertəlimində ittifaqın 25 ölkəsindən olan 800-dən çox mütəxəssis iştirak etmişdi. Kibertəlimin təşkilatçıları Estoniyada olsalar da, iştirak edən “Blue Team” komandaları məsafədən təhlükəsiz bağlantı vasitəsilə birbaşa öz hərbi bazalarından işləyirdilər. Komandalar şərti ölkənin hərbi hava bazasının xidmətlərinin və şəbəkələrinin təhlükəsizliyini təmin etməli idilər. Kibertəlimlər zamanı hərbi bazanın elektrik şəbəkəsinə, insansız hava aparatlarına, hərbi komanda və idarəetmə sistemlərinə, kritik informasiya infrastrukturu obyektlərinə və digər əməliyyat infrastrukturuna bir çox kiber hücum imitasiya edilmişdi (təlimlər zamanı 3000-dən çox virtual sistemə 2500-dən çox kiberhücum edilmişdi).

Kibertəlimlərə Siemens AG, Threod Systems, Cyber Test Systems, Clarified Security, Iptron, Bytelife, BHC Laboratory, openvpn.net, GuardTime və bir çox sənaye tərəfdaşı da qoşulmuşdu.

Aİ-nin "Cyber Europe 2016 – CE 2016" kibertəlimləri 2016-cı ilin oktyabrında keçirilmişdir. Bu kibertəlimlərdə Aİ-nin və Avropa Azad Ticarət Assosiasiyasının (EFTA) 29 ölkəsindən 800-dən çox mütəxəssis iştirak etmişdi.

Cyber Europe təlimləri ENISA (The European Union Agency for Network and Information Security) tərəfindən təşkil olunur, bu təlimlər haqqında aşağıdakı linklərdən ətraflı məlumat almaq olar:

Kiberhücumların adları aşağıdakıları əks etdirir:

  • təlimlərin keçirildiyi yer və zaman (məsələn, “Cyber Europe 2016 – CE 2016”, “Cyber Atlantic 2011”);
  • təlimlərin keçirildiyi fəsil (“Summer 2016”);
  • təlimlərin müdafiə və ya hücum xarakteri (“Locked Shields 2016”);
  • sınaqdan keçirilən senarı (“Cyber Storm”, “Cyber Guard”);
  • cəlb edilən qüvvə və vasitələr (Combined Endeavor – C4 (Command, Control, Communications and Computers) systems)
  • təlimlərin müttəfiqlik yönümü (“Cyber Atlantic 2011”, “Cyber Coalition 2015”, “Baltic Cyber Shield”).

2016-cı ilin iyununda ilk dəfə beş MDB (Müstəqil Dövlətlər Birliyi) ölkəsinin iştirakı ilə Belarusda 700-dən çox mütəxəssisin iştirik etdiyi “Kiber-Antiterror-2016” kibertəlimi də keçirilmişdi. Bu kibertəlimin əsas vəzifəsi kritik vacib infrastruktur obyektlərinə kütləvi kiberhücumların qarşısının alınması üzrə kollektiv tədbirlərin həyata keçirilməsi vərdişlərinin təkmilləşdirilməsi idi. Xüsusi halda, su elektrik stansiyasının idarəetmə sisteminə DDoS hücumunun qarşısının alınması sınaqdan çıxarılmışdı.



 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.