Uşaqların İnternetdə təhlükəsizliyi

İnternet uşaqlara oyunlar, filmlər və musiqi, yeni biliklər əldə etmək və öz qabiliyyətini inkişaf etdirmək imkanları verir. Lakin bu imkanlar bir sıra mürəkkəb çətinliklərlə də müşaiyət olunur. Uşaqlar Internetdən istifadə edərkən həm uşaqların şəxsi təhlükəsizliyinə, həm də kompyuterin təhlükəsizliyinə yönəlmiş aşağıdakı təhlükələr mümkündür:

Cinayətkarların hədəfi. İnternetdən istifadə edərkən uşaqlar bədniyyətli şəxslərə təmasda olmaq təhlükəsi ilə üzləşə, cinayətkarların potensial hədəfinə çevrilə bilərlər. Cinayətkarlar uşaqlarla əsasən ani məlumat mübadiləsi zamanı, çatlarda, forumlarda və elektron poçtla təmas qururlar. Internetdə ünsiyyətin  anonimliyi dostluq və inam münasibətlərinin tez yaranmasına kömək edir. Cinayətkarlar anonimliyin bu üstünlüyündən təcrübəsiz gənc adamlarla münasibət qarmaq üçün istifadə edirlər.

Zərərli informasiya. Uşaqlar İnternetdən dini, irqi, milli, sosial nifrəti qızışdıran məlumatlar, seksual (və ya digər yolverilməz) xarakterli informasiya ala bilərlər.

Zərərli proqramlar. İnternetdən istifadə edərkən kompyuterin müxtəlif ziyankar proqramlarla yoluxması baş verə bilər:

− "yolüstü yoluxmalar" (yəni yoluxmuş saytları açarkən avtomatik yüklənən ziyankar proqramlar);

− başqa istifadəçilərə kompyuterə girməyə imkan verən fayl mübadiləsi şəbəkələri (P2P) istifadə edilərkən yoluxma;

− arzuolunmaz reklam, o cümlədən İnternetdən yüklənən pulsuz proqram təminatı ilə kompyuterdə avtomatik qurulan reklam proqramları.

Onlayn piratçılıq. Uşaqlar İnternetdən pirat materialları (məsələn, musiqi və video faylları) yükləyə bilərlər.

İnternet-asılılıq. Uşaqların İnternetdə çox vaxt keçirməsi əksər valideynləri narahat edir. İnternetdə ünsiyyət və interaktiv oyunlar uşaqları cəlb edə bilər ki, nəticədə onlar zaman, məkan, reallıq hissini itirə bilər.

Qumar oyunları. Uşaqların çoxu İnternetdə əyləncə (məsələn, oyunlar) axtarmağı çox xoşalyırlar. Oyunların və əyləncələrin çoxu yeniyetmələr üçün qanunidir, lakin  onlar pulla qumar oynaması yolverilməzdir. Uşaqlar İnternetdə oyun axtararkən qumar oyunları saytlarına rast gələ bilərlər.

İnternetdə uşaqlar real həyatda olduğu kimi müdafiəsizdir, valideynlərin onları necə müdafiə etməyi bilməsi çox vacibdir. Yuxarıda sadalanan riskləri minimum etmək üçün valideynlər aşağıdakı tədbirləri görə bilərlər:

− Uşaqlarınızla onları İnternetdə gözləyən mümkün təhlükələr barəsində söhbət edin.

− İnternetdən birgə istifadə etməyə çalışın.

− Uşaqları öz İnternet-təcrübələrini, onun təhlükəli və arzuolunmaz cəhətlərini sizinlə müzakirə etməyə təşviq edin.

− Proqram təminatının köməyi ilə uşaqların müəyyən kontentlərə çıxışını məhdudlaşdırın. Məsələn, İnternet Explorer-də " çıxışın məhdudlaşdırılması" (Content Advisor) modulu var – Tools /Internet Options/Content.

− Kompyuterin ziyankar proqramlardan və haker hücumlarından mühafizəsi üzrə tədbirlərə əməl edin və bunun nə üçün vacib olduğunu öz uşaqlarınıza izah edin.

− İnternetdə iş qaydalarını, uşaqlarınıza İnternetdə nəyi etməyə icazə verildiyini və verilmədiyini aydın qaydalar şəklində tərtib edin.

Bu qaydalar aşağıdakı suallara aydın cavablar verməlidir (nəzərə alın ki, uşaqlarınız yaşa dolduqca cavablar dəyişə bilər və dəyişməlidirlər):

− Sosial şəbəkə saytlarında və digər veb-saytlarda qeydiyyatdan keçmək olarmı?

− İnternet ilə alış-veriş etmək olarmı?

− Musiqi və video-faylları, proqramları yükləmək olarmı?

− Onlayn-çatlarda iştirak etmək olarmı?

− Ani məlumat mübadiləsi proqramlarından istifadə etmək olarmı? Əgər cavab "hə"dirsə, uşaqlara izah edin ki, onlar tanış olmayan istifadəçilərlə ünsiyyət saxlamamalıdırlar.

Qeyd edildiyi kimi, proqram təminatının köməyi ilə uşaqların müəyyən kontentlərə çıxışını məhdudlaşdırmaq olar. Arzuolunmaz məlumatlara çıxışın bağlanması üçün Internet Explorer və MSN Explorer-də aşağıdakıları etmək lazımdır:

1. Start düyməsini basın, açılan menyuda Control Panel-i seçin.

2. Control Panel-də İnternet Options-u açın.

3. Açılan pəncərədə Content vərəqinə keçin.

4. Content Advisor bölməsində Enable düyməsini basın.

5. Açılan pəncərədə parol daxil edin; parol sizin daxil etdiyiniz məhdudiyyətləri uşaqların dəyişdirməsindən qoruyacaq.

6. Content Advisor pəncərəsində siz arzuolunmaz informasiyaya çıxışı bloka ala bilərsiniz.

Internet Explorer-də konfidensiallıq səviyyəsini yüksəltmək üçün aşağıdakıları etmək lazımdır:

1. Start düyməsini basın, açılan meynuda Control Panel-i seçin.

2. Control Panel-də Internet Options-u açin.

3. Açılan pəncərədə Privacy vərəqinə keçin.

4. Sürüngəcin köməyi ilə lazımi konfidensiallıq səviyyəsini seçin.

Uşaqları İnternetdəki təhlükələrdən qorumaq üçün bir sıra tədbirlər görmək olar. Lakin bu zaman unutmayın ki, heç bir texnoloji fəndlər uşaqların İnternetdə nə ilə məşğul olmalarına sadə valideyn diqqətini əvəz edə bilməz.


 Əlaqə:
 Telefon: (994 12) 5104253
 E-poçt: info at sciencecert dot az
2013 © AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytdakı məlumatlardan istifadə edərkən www.sciencecert.az saytına istinad zəruridir.